Hidrogenli gələcəkdə yerimiz nə olacaq? | MÜSAHİBƏ (VİDEO)

 Hidrogenli gələcəkdə yerimiz nə olacaq?  | MÜSAHİBƏ (VİDEO)
  25 Dekabr 2024    Oxunub:736
“Ölkələrin yaşıl enerjiyə keçidi istiqamətində iqtisadiyyatın müxtəlif sahələrində hidrogendən istifadə çox vacib sayılır”. Bunu AzVision.az -a müsahibəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin “Hidrogen və yaşıl texnologiyalar” şöbəsinin müdir müavini Fuad Həsənov deyib. Onun sözlərinə görə, istehsal prosesində istifadə edilən texnologiyalardan və resurslardan asılı olaraq, “yaşıl”, “mavi” və digər hidrogen növləri mövcuddur.
Biz əsasən “yaşıl” və “mavi” hidrogen anlayışlarından istifadə edirik. Bu texnoloji proseslər zamanı hidrogenin istehsalı ətraf mühitə minimal karbon emissiyası təsirləri yaradır. Hidrogenin müxtəlif iqtisadi fəaliyyət sahələrində - sənayedə, nəqliyyatda tətbiqi mühüm əhəmiyyətə malikdir.
Nəqliyyat sahəsində hidrogen əsaslı hücrələrdən istifadə mümkündür. Kənd təsərrüfatında gübrələrin, karbamid, metanol, ammonyak kimi məhsulların istehsalında hidrogendən xammal kimi istifadə edilir.
Energetika sahəsində hidrogenə enerji saxlancı kimi baxmağın perspektivi var. Günəş və külək enerjisi hesabına istehsal olunan elektrik hidrogen formasında saxlanıla, tələbat yarandıqda isə təkrarən enerjiyə çevrilə bilər.
Ümumiyyətlə, təmiz hidrogendən istifadə karbon emissiyalarının azaldılmasında və ölkələrin karbon neytrallığına çatmasında xüsusi rola malikdir. Buna görə də dövlətlər enerji təhlükəsizliyinin daha yaşıl və dayanıqlı mənbələr hesabına təmin olunması üçün artıq hidrogeni də gündəliklərinə əlavə ediblər.


- Azərbaycan bu sahədə hansı işləri görür. Bizim hidrogen gündəliyimiz varmı?
- Ölkəmizin strateji sənədlərində və proqramlarında hidrogendən istifadə istiqamətində layihələr artıq qəbul olunub. Yəni bəli, gündəliyimizdə var və bu istiqamətdə artıq araşdırmalara başlamışıq.
Bundan əlavə, COP29 çərçivəsində Azərbaycan ilk dəfə “Hidrogen üzrə Milli Strateji baxış” sənədini qəbul etdiyini açıqladı. Təsadüfi deyil ki, COP29 çərçivəsində enerji sahəsində irəli sürülən 3 təşəbbüsdən biri də hidrogen bəyannaməsidir. Bunlar ölkəmizdə artıq ciddi addımlar atmağa imkan verir. Bu məqamlar sözügedən sahədə bizim üçün əsas sütunlar rolunu oynayacaq.

“Hidrogen üzrə Milli Strateji baxış” sənədinə qədər də aparılan müəyyən təhlillərə əsasən, həm quruda, həm də dənizdə Azərbaycanın kifayət qədər yüksək səviyyədə bərpa olunan enerji potensialı olduğu sübuta yetirilib. Eyni zamanda, zəngin təbii qaz ehtiyatlarına malik olmağımız da aşağı karbonlu hidrogen iqtisadiyyatının ölkəmizdə inkişaf etdirilməsinə xüsusi töhfə verir. Xəzər dənizindən və Azərbaycandan keçməklə Qara dənizin dibi ilə uzanan “yaşıl enerji dəhlizləri”ndə hidrogen komponenti də mövcuddur. Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan və Qazaxıstan Azərbaycanla “yaşıl enerji dəhlizləri”nin qurulmasında maraqlıdırlar. Bu komponentlərdən biri də yaşıl hidrogen və digər yaşıl qazların ixracı istiqamətidir ki, onların da ixrac potensialı qiymətləndiriləcək.


- Biz yalnız günəş və külək enerjisi hesabına hdirogen istehsalını palnlaşdırırıq? Digər hidrogen növləri ilə bağlı işlər hansı vəziyyətdədir?
- “Yaşıl” hidrogen istehsalında təmiz enerjidən - yəni su, külək və günəşin gücündən istifadə olunmalıdır. Bu prosesdə suyun elektrolizi nəzərdə tutulur. Bu, ən təmiz növ olan “yaşıl” hidrogen sayılır.
“Mavi” hidrogenin istehsalında isə təbii qaz müxtəlif texnoloji proseslər nəticəsində hidrogenə çevrilir, eyni zamanda, yaranan karbon qazının atmosferə atılmasının qarşısı alınır. Gələcəkdə dənizdə yerləşən qaz quyularından karbonun saxlanılması üçün istifadə oluna bilər.

- Hidrogeni mövcud boru kəmərləri ilə nəql etmək mümkündürmü?
- Bəli. Bununla bağlı praktik araşdırmalar artıq aparılıb. Mövcud boru kəmərlərində müəyyən texnoloji gücləndirmədən sonra 20%-i hidrogen olmaqla təbii qazla hidrogenin qarışığını nəql etmək mümkündür. Lakin bu da növbəti mərhələdə araşdırmalara və əsaslı rəqəmlərə söykənməlidir ki, təhlükəsizlik qaydalarına əməl olunsun. Hidrogenin fiziki və kimyəvi xüsusiyyətləri təbii qazdan fərqli olduğu üçün onun nəqli zamanı kəmərin vəziyyəti əvvəlcədən qiymətləndirilməlidir. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizində bu sahədə artıq qiymətləndirilmələrə başlanılıb və ilkin nəticələrə əsasən, təqribən 10%-ə qədər hidrogenin təbii qazla qarışığı şəklində nəqlinin mümkünlüyü müəyyən edilib.


- Azərbaycanın Avropanın hidrogen bazarlarına çıxmaq imkanları hansı səviyyədədir?
- Hazırda ölkəmizdə karbamid, metanol zavodları fəaliyyət göstərir. Onlarda xammal kimi hidrogendən istifadə olunur. Lakin bizim yaxın və orta perspektivdə əsas məqsədimiz ənənəvi hidrogeni təmiz hidrogenlə əvəz etməkdir. Sonra isə ixrac istiqamətlərimizi və marşrutlarımızı müəyyənləşdirərək, bazardakı tələbata uyğun şəkildə potensialımızı qiymətləndirməliyik. İlkin olaraq daxili bazar dekarbonlaşdırılmalı, növbəti mərhələdə Avropa İttifaqı və digər istiqamətlərə yönələn ixrac marşrutları nəzərdən keçirilməlidir.
Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, 2023-cü ildə dünyada hidrogenə tələbat 100 milyon ton həcmində qiymətləndirilib. 2030-cu ildə bu göstəricinin 60% artacağı gözlənilir. Avropa Komissiyası tərəfindən irəli sürülən “REPowerEU” proqramı çərçivəsində ildə 10 milyon ton hidrogenin istehsalı və xaricdən daha 10 milyon ton hidrogenin idxalı nəzərdə tutulur. Bu da ölkəmizin ixrac istiqamətlərinin formalaşdırılmasında önəmli rola malikdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hidrogen   potensial   perspektivlər  





Xəbər lenti